KONQRES SƏDRİNİN MÜRACİƏTİ

KONQRES SƏDRİNİN MÜRACİƏTİ

test

Əziz dostlar, hörmətli həmkarlar!

25-27 aprel 2024-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində eyni vaxtda XX Beynəlxalq Avrasiya Cərrahiyyə və Hepatoqastroenterologiya və XX Hepatoqastroenterologiya konqreslərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Cərrahlar və Qastroenteroloqlar İctimai Birliyinin bu tip beynəlxalq konqreslərin keçirilməsində böyük təcrübəsi var. Belə ki, I,VI, IX, XI, XII, XIII və XVIII Avrasiya Cərrahiyyə və Qastroenterologiya konqresləri məhz bizim İctimai Birliyin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya konqresi  ilk illər yalnız türkdilli ölkələrdə keçirilirdisə, sonradan bu coğrafiya genişləndi və Gürcüstanda, İran İslam Respublikasında  və Avropanın bir neçə ölkəsində (Bosniya və Herseqovina, Xorvatiya, İtaliya) bu tədbirlər uğurla həyata keçirilmişdir.

Aprel ayında nəzərdə tutulan konqresdə Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin alimlərinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyi, Avrasiya Qastroenteroloqlar Assosiasiyası, Türkiyə Hepatobiliopankreatoloji Dərnəyi (HeBiPA) və Türkiyə Qaraciyər Bilim Assosiasiyası (TASL) kimi beynəlxalq Cəmiyyətlərin aparıcı üzvlərinin fəal iştirakı gözlənilir. 3 gün ərzində keçiriləcək bu beynəlxalq tədbirdə dünyanın bir çox ölkələrinin aparıcı mütəxəssisləri tərəfindən qastroenterologiya və cərrahiyyənin müxtəlif sahələrini əks etdirən və müasir problemləri əhatə edən  mühazirələr geniş auditoriyaya çatdırılacaq.

Əziz dostlar!

Bütün bunları nəzərə alaraq, Sizləri bizim konqresdə fəal iştirak etməyə dəvət edir, apardığınız elmi tədqiqatların nəticələri barədə məlumatları tezis şəklində konqresin toplusunda çap edilməsi üçün bizə göndərməyi xahiş edirik.

Ümid edirik ki, dünyanın bir çox ölkələrindən şəhərimizə təşrif buyuracaq xarici qonaqlar konqresimizdə fəal iştirak etməklə yanaşı gözəl və qədim Bakımızın tarixi yerlərini gəzərək xoş təəssüratlar və yaxşı xatirələrlə öz vətənlərinə qayıdacaqlar.

Bir daha Sizi XX Beynəlxalq Avrasiya  Cərrah və Qastroenteroloqlar və XX Hepatoqastroenteroloqlar konqresinə dəvət edirik.

 

Hörmətlə,

Konqresin sədri – professor Rauf Ağayev